program

Steroidlər nədir?

Steroidlər nədir?

Steroidlər nədir?

Steroidlər – yüksək bioloji aktivliyə malik olan maddələrdir. İnsanın orqanizmində mübadilə proseslərinin tənzimlənməsinə və fizioloji funksiyaların dəstəklənməsinə yönələn steroid hormonlar (məsələn, testosteron) hasil olunur. Bugünkü gündə tibbdə və idmanda istifadə olunan sintetik steroid hormonların hazırlanması geniş yayılıb. Bu tip preparatların əsas payı güc idman növlərinə düşür. Bu maddələr əzələ toxumasının yaranmasını və böyüməsini sürətləndirən anabolik steroidlər qrupuna aid edilirlər. Tibbdə anaboliklərdən uzun müddət sürən ciddi xəstəliklərdən, məsələn, onkologiyadan sonra pasiyentə bərpa tələb olunduğu hallarda istifadə edirlər.
İdmanda isə steroidlərin əsas rolu medikamentoz müdaxilə olmadan qeyri-mümkün sayılan yüksək nəticələrin əldə olunmasına yönəlir, bu halda anaboliklərin dozaları xəstələrin müalicəsi zamanı istifadə olunan dozalardan bir neçə dəfə daha yüksək olur.
Anabolik steroidlər rəsmi yarışlarda qadağan olunmuş preparatlardırlar. Lakin bir çox idmançılar və həvəskarlar steroidləri yüksək nəticələri əldə etmək üçün tətbiq edirlər.

Steroidlərin iki təsir mexanizmi var:

Anabolik effekt
Əzələlərdə zülal sintezinin sürətlənməsinə görə cavabdehdir. Aşağıdakı effektlərə malikdir:

-Məhsuldarlığın, dözümlülüyün, güc göstəricilərinin artması.
-Əzələ kütləsinin artımı.
-Sümük toxumasının möhkəmlənməsi.
-Piylərin faiz nisbətinin azalması.

Androgen efftekt
İkincili kişi əlamətlərinin meydana gəlməsinə görə cavabdehdir. Effektləri:

-Maskulinizasiya. Bu qadınlarda kişi əlamətlərinin meydana gəlməsi, menstrual siklin pozulması və ya tamamilə yox olması, səsin sərtləşməsi, bədəndə tüklərin çoxalması ilə xarakterizə olunan prosesdir.
-Virilizasiya və ya qadınlarda kişi cinsiyyət hormonlarının həddindən çox olması. Sonsuzluğa, cinsiyyət orqanlarının quruluşunun pozulmasına, bədxassəli və xoşxassəli şişlərə, yumurtalıqların sklerokistozuna gətirib çıxarır. Bundan başqa, əgər ana hər hansı səbəbdənsə androgenlər qəbul etmişdirsə, onun qızı kişilərə xas olan cəhətlərə sahib ola bilər.
-Prostatın hipertrofiyası. Hüceyrələrin xoşxassəli böyüməsi hesabına baş verir. Sidik kanalı ilə bağlı problemlərə gətirib çıxarır, çünki o daima təzyiqə məruz qalır.
-Xayaların atrofiyası və ya kişi cinsiyyət vəzilərinin ölçülərinin kiçilməsi. Bu reproduktiv (nəsilartırma) sistemin qaytarılmaz nəticələrə gətirib çıxaran patoloji halıdır.
-Başda saçların tökülməsi. Bədənin digər hissələrində, o cümlədən üzdə və sinədə tüklərin çoxalması.

Tez bir zamanda əzələ kütləsi yığmaq istəyən kişilər çox vaxt steroidlərin köməyinə əl atırlar. Lakin onlar bu ilk baxışda zərərsiz görünən həblərin nə qədər təhlükəli olduqlarını anlamırlar. Gəlin steroidlərin təsiri altında sizin bədəninizdə nələrin baş verdiyini nəzərdən keçirək.

Steroidlərin tarixçəsi

1935-ci ilədək steroidlərin əzələ kütləsinə necə təsir etdiklərini heç kim bilmirdi. Məhz 1935-ci ildə itlər üzərində təcrübə aparan alimlər tərəfindən aşkarlanmışdır ki, steroid inyeksiyaları bu yazıq heyvanların əzələ kütləsini əhəmiyyətli dərəcədə artırır. Bu tədqiqatların sayəsində, 5 ildən sonra idmançılar böyük həvəslə məşqdən əvvəl steroidlər “yeməyə” başladılar. Nəticə göz qabağında idi. İdmançılar daha həcmli və güclü olurdular. Sonrakı illərdə, bir sıra tədqiqatlar keçirildikdən sonra idmanda steroidlərdən istifadə qadağan edilmişdir. Bu qadağa bugünkü günədək bir çox ölkələrdə hələ də qüvvədədir.

Steroidlər necə təsir göstərirlər?
İstənilən steroid qana daxil olduqda, sürətlə bütün orqanizmə yayılaraq anabolik və androgen reseptorlarla reaksiyaya girir. Məşqdən sonra yeni hüceyrələrin parçalanma/yaranma prosesi kəskin surətdə dəyişir. Əvvəllər sizin əzələ lifləriniz zədələnirdi, orqanizm bu lif yarıqlarını birləşdirməyə çalışırdı və eyni zamanda onların (hər ehtimala qarşı) əlavə ehtiyatını yaradırdı. Məhz bu superkompensasiya böyüməyə və dözümlülüyü artırmağa imkan verirdi. Lakin kursa başladıqdan sonra bərpa prosesləri üçün tələb olunan vaxt bir neçə dəfə qısalır. Bunun sayəsində sürətli əzələ artımı hiss olunmağa başlayır.

Əgər bundan əvvəl tam bərpa olunmaq üçün sizə 5-7 gün gözləmək lazım olurdusa, indi – maksimum 1 sutka gözləməli olacaqsınız. Belə effekt daha tez-tez, daha uzun müddət və daha intensiv məşq etməyə imkan verir.

Steroidlər: yan təsirlər

Lakin sevinməyə tələsməyin, əzələ kütləsinin artmasına baxmayaraq, anaboliklərin yan təsirləri mövcuddur. Yan təsirlər dərhal yox, bir müddət sonra meydana gəlir. Beləliklə, yan təsirlər arasında aşağıdakıları qeyd etmək olar:

-Kişilərdə döşlərin böyüməsi - Ginekomastiya.
-Qaraciyər xəstəlikləri.
-Dəri problemləri.
-Cinsi gücün və cinsi həvəsin azalması.
-Qan təzyiqi yüksəlir. Bu ürək tutmasına gətirib çıxara bilər.
-Prostat adenomasının və potensiya ilə bağlı problemin yaranması.
-Prostat vəzinin şişi
-Ürək-damar xəstəliklərinin yaranması. Problem “pis” xolesterinin çoxalması və “yaxşı” xolesterinin” azalması səbəbindən yaranır.
-Saçların tökülməsi.
-Fiziki inkişafın ləngiməsi.
-Xaya ölçülərinin kiçilməsi.
-Orqanizmdə su-elektrolit balansının pozulması.
-Dərinin yağlılığının dəyişməsi.
-Psixi dəyişikliklər.
-Mədə-bağırsaq pozğunluqları.
-Ürəyin böyüməsi.
-İmmun sistemin zəifləməsi.
Bu steroidlərin istifadəsi nəticəsində yaranan əsas yan təsirlərdir. Steroidlərin qəbuluna qərar verməzdən əvvəl öz qərarınızı 100 dəfə ölçüb-biçin. Buna dəyərmi? Bəlkə fiziki yüklənmələrə daha çox vaxt ayırmaq və zülallı qida qəbul etmək gələcəkdə ömrünüzü steroidlərin təsirindən müalicə olunmağa sərf etməkdən daha yaxşı olar? Hər bir orqanizm fərdidir, buna görə də hər bir insanda yan təsirlər özünü fərqli şəkildə təzahür etdirə bilərlər. Steroidləri qəbul etməzdən əvvəl bu faktı nəzərə alın.

Status
Steroidlər(bütün dərman formaları və ticarət adları) Azərbaycanda güclü təsiredici maddələr siyahısına daxil edilmişdirlər. Aşağıdakı əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulur: bu maddələrin qanunsuz istehsalı, təkrar emalı, alışı, saxlanılması, daşınması və ya satış məqsədi ilə təkrar göndərilməsi, eləcə də bu maddələrin və ya onların istehsalı və ya təkrar emalı üçün nəzərdə tutulmuş avadanlığın qanunsuz satışı.

Nəticə
Əldə nəyi rəhbər tutduğunuzu, hansı məqsədləri güddüyünüzü müəyyənləşdirin. Onlardan ötrü siz nə ilə risk etməyə hazırsınız? Bəzi mənbələr steroid istifadəçilərini narkomanlarla müqayisə edirlər, çünki məqsəd birdir – həzz almaq (əzələ kütləsi artımından, görünüşdən), qəbul prinsipi də oxşardır – inyeksiyalar və peroral vasitələr insanda vərdiş yaradırlar. İstənilən halda, xeyir və zərəri hər bir insan özü özü üçün qiymətləndirir. Lakin, yenə də, özün üçün məşq etməyi və sağlam qidalanmağı seçmək daha yaxşı olmazmı? Bu haqda düşünün. Özünüzü qoruyun və sağlam olun!